İspaniya çempionu “Barselona” komandanın 19 yaşlı sol cinah müdafiəçisi Alexandro Balde ilə müqaviləsini yeniləyib.
Arena.az məlumat verir ki, Kataloniya klubu bu barədə rəsmi mənbələrində bəyanat yayıb.
Tərəflər arasında müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Aleks Baldenin “Barselona” ilə yenilənmiş müqaviləsindəki təzminat məbləğinin qiyməti 1 milyard avrodur.
Baldenin erkən yeniyetməlik dövrü “Sant Qabriel” və “Espanyol” klublarında keçib. Buradan Aleks “Barselona”ya keçib və 2020-ci ildə kataloniyalıların “B” komandasında, 2021-ci ildə isə əsas komandasında debüt edib. Geridə qalmış 2022/2023 mövsümdə Balde “Barsa”nın heyətində 44 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Gənc futbolçu həmin mövsümdə İspaniya La Liqasını və İspniya Super Kubokunu qazanıb. Yenicə başlamış cari mövsümdə Balde 5 oyunda meydana çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Baldenin “Barselona”nın heyətində ümumi statistikası isə belədir: 56 oyun, 1 qol, 7 məhsuldar ötürmə.
Alexandro Balde 2022-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyuna çıxıb 1 məhsuldar ötürmə verib. Bununla yanaşı, Baldenin İspaniyanın U-16, U-17, U-18, U-19, U-21 yığmalarında oyun təcrübəsi var. Balde U-17 yığmasının heyətində 2020 Alqarve Beynəlxalq Turnirinin qalibi olub. Gənc müdafiəçi 21 yaşa qədər ən yaxşı oyunçuya təqdim edilən “Golden Boy 2023” mükafatına 100 namizədin siyahısında hazırda 87,1 reytinq göstəricisi ilə 6-cı yerdə qərarlaşıb.
İspaniya vətəndaşılığına sahib Alexandro “Aleks” Baldenin atası bisau-qvineyalı, anası isə dominikanlıdır.
“Transfermarkt” internet-portalı 19 yaşlı Alexandro Baldeni 50 milyon avro məbləğində qiymətləndirir.


