Almaniyanın ən böyük sığorta şirkəti “Allianz” İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi” ilə anlaşmağa çalışır.
Arena.az bu barədə “Daily Mail”ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə “Allianz” sponsorluq edəcəyi halda London klubunun stadionu “Stemford Bric”lə adının qoşa çəkilməsini şərt qoyub. Əvvəllər, “Allianz” yüksək məbləğ qarşılığanda “Çelsi”nin futbol köynəklərində reklam yerləşdirilməsi ilə bağlı “zadəganlar”la razılıq əldə edə bilməyib. İndi “Allianz” adını “Çelsi”nin stadionunun adında istifadə etmək hüququnu əldə etməyə çalışır.
Hazırda “zadəganlar”ın bu məsələyə münasibəti məlum deyil. Artıq “Allianz” öz brendini stadionun adına yerləşdirmək təcrübəsinə malikdir. Şirkət 18 ildir (2005-ci ildən) “Bayern” ilə əməkdaşlıq edir. “Bayern”in futbol stadionu – “Münhen Futbol Arenası” həm də “Allianz Arena” adlanır və beynəlxalq turnirlərdə oyunları məhz bu adla qəbul edir.
Vurğulayaq ki, bu yaxınlarda “Çelsi”nin yeni titul sponsoru axtarışında olduğu haqda xəbərlər yayılmışdı.


