Türkiyə milli komandasının və “Fənərbaxça”nın qapıçısı Altay Bayındır “Mançester Yunayted”ə keçmək üçün İngiltərədədir.
Arena.az bu barədə jurnalist Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, klublar arasında 7 milyon avro məbləğində müqavilə razılaşdırılıb. Razılaşmada son təfərrüatı həll etmək qalır ki, bu işin də tezliklə uğurla başa çatdırılacağı gözlənilir. Həmçinin “Mançester Yunayted” komandanın ikinci qapıçısı Din Hendersonun “Kristal Pelas” klubuna transferini gözləyir.
Geridə qalmış 2022/2023 mövsümündə Bayındır “Fənərbaxça”nın heyətində 40 oyuna çıxıb, 45 qol “yeyib”, 14 oyundan “quru” qurtulub və komandası ilə Türkiyə Kubokunu qazanıb.
Bayındırın “Fənərbaxça” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bayındır 2021-ci ilin May ayında debüt etdiyi Türkiyə yığmasında 5 oyun keçirib, 8 qol buraxıb, 1 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.
“Transfermarkt” internet-portalı 25 yaşlı Altay Bayındırı 11 milyon avro məbləğində qiymətləndirir.


