Türkiyə milli komandasının və “Fənərbaxça”nın qapıçısı Altay Bayındır İngiltərə nəhəngi “Mançester Yunayted”ə keçib.
Arena.az bu xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.
25 yaşlı qapıçı ilə 4+1 illik müqavilə imzalanıb. MY bu transfer üçün “Fənərbaxça”ya 5 milyon avro ödəyib.
Geridə qalmış 2022/2023 mövsümündə Bayındır “Fənərbaxça”nın heyətində 40 oyuna çıxıb, 45 qol “yeyib”, 14 oyundan “quru” qurtulub və komandası ilə Türkiyə Kubokunu qazanıb. Cari mövsümdə isə o, “sarı-lacivərdlilər”in heyətində 4 oyun keçirməyə macal tapıb, 2 qol buraxıb, 2 oyunda qapısının toxunulmazlığını qoruya bilib. Bayandırın “Fənərbaxça”nın heyətində ümumi statistikası isə belədir: 145 oyun, 162 buraxılmış qol, 44 “quru” oyun.
Bayındır 2021-ci ilin may ayında debüt etdiyi Türkiyə yığmasında 5 oyun keçirib, 8 qol buraxıb, 1 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.
Qeyd edək ki, Altay Bayındır “Mançester Yunayted”in tarixində ilk türk futbolçudur.
Türk qapıçının alınması ilə əlaqədar, “Mançester Yunayted” komandanın ikinci qapıçısı Din Hendersonu da “Kristal Pelas”a satıb.
“Kristal Pelas” Hendersonun müqabilində “qırmızı şeytanlar”a 17,5 milyon avro ödəyəcək. Henderson “qartallar”la 5 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Geridə qalmış 2022/2023 mövsümünü Henderson “Nottingem Forest”in heyətində icarə əsasında keçirib. Qapıçı “meşəçilər”in heyətində 18 oyuna çıxıb, 31 qol “yeyib”, 6 oyundan “quru” qurtulub.
Henderson 2020-ci ilin noyabr ayında İngiltərə yığmasının heyətində debüt edib və meydanda keçirdiyi 44 dəqiqə ərzində qapısını “quru” saxlaya bilib. Bu, Hendersonun yığmanın heyətində keçirdiyi hələ ki, ilk və yeganə oyundur.
“Mançester Yunayted”in mərkəz müdafiəçisi Teden Mengi də “Luton Taun”a keçib. Əslən Anqoladan olan ingilis futbolçunun transferi ilə bağlı detallar açıqlanmayıb. “Qırmızı şeytanlar”ın heyətində oyun şansı qazanmayan müdafiəçi icarə əsasında “Derbi Kaunti” və “Birmingem Siti” kimi klublarda da oynayıb.
Mançester klubunun sol cinah müdafiəçisi Brendon Uilyams da “İpsviç”ə icarəyə verilib. 22 yaşlı ingilis futbolçu mövsümün sonuna kimi icarədə olacaq.


