Madrid “Atletiko”sunun ispan mərkəz hücumçusu Alvaro Morata “Manolo Bakes” kafelər şəbəkəsinin ortaq sahibi olub.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Morata bu sövdənin gerçəkləşməsi üçün təxminən 60 milyon avro məbləğində pul ödəyib.
Mənbənin məlumatına görə, Morata bu işdə dostu, keçmiş futbolçu, hazırda isə iş adamı Pablo Nunoya qoşulub. Şirkətin qurucuları Mansano ailəsi öz nəzarətində olan payı satışa çıxardıqdan sonra Alvaro köhnə dostu ilə birlikdə bütün brendi ələ keçirib. 60 milyon avroya əlavə olaraq Morata şirkətə qatılarkən sərmayə qoyduğu başqa bir hissənin də haqqını ödəyib.
Kafelər şəbəkəsi kruassanların hazırlanması və satışı üzrə ixtisaslaşıb. Orada tünd və ya ağ şokolada batırılmış orijinal kruassanlar, moka kremi, krokanti və s. hazırlanır. Bundan əlavə, bütün növ şirin və duzlu məhsullar satılır, şəbəkənin şah yeməyi yeməyi İspaniyada gündə 60 min ədəddən çox satılan “manolitos”dur.
“Manolo Bakes” 2024-cü ilin sonuna qədər 70 mağaza açmağı planlaşdırır. Şirkətin hazırda Madrid, Barselona, Valensiya, La Korunya, Valyadolid, Sevilya, Saraqosa və Santanderdə 40-dan çox dükanı var.
Alvaro Morata 2019-cu ilin yanvarından “Atletiko”da çıxış edir. 31 yaşlı ispan forvard Madrid təmsilçisində 136 oyuna çıxıb, 56 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Yuventus”, “Real” və “Çelsi” kimi klubların da formasını geyinib. Morata 2014-cü ilin noyabrında debüt etdiyi və hazırda kapitanı olduğu İspaniya milli komandasında da 69 oyun keçirib, 34 qol vurub.


