Amadu Onana satıldı, “Everton” 60 milyon avro qazandı

Futbol üzrə Belçika millisinin və “Everton”un dayaq yarımmüdafiəçisi Amadu Onana bundan sonra “Aston Villa”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Aston Villa” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sözügedən klub bu transfer üçün 59,35 milyon avrosundan keçib. 22 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Amadu Onana futbolun sirlərinə əvvəlcə Belçikanın “Sulte Varegem”, daha sonra isə Almaniyanın “Hoffenhaym” klubunun futbol akademiyasında yiyələnib. Yarımmüdafiəçi peşəkar karyerasına Almaniyanın digər klubu “Hamburq”da başlayıb. 2021-ci ilin yayında “Hamburq” onu 13,57 milyon avro müqabilində Fransanın “Lill” klubuna satıb. “Everton” Onananı 2022-ci ilin avqust ayında məhz “Lill”dən, 39,87 milyon avro qarşılığında transfer etmişdi. Belçikalı oyunçu “Everton”un heyətində 72 oyuna çıxıb, 4 qol və 3 assistlə yadda qalıb.

Onana əslən Seneqaldan olsa da, Belçika yığmalarında oynamağa üstünlük verib. O, bu ölkənin U-17, U-18, U-19 və U-21 yığmalarında oynadıqdan sonra 2022-ci ildə əsas millidə debüt edib. Gənc futbolçu artıq Belçika milli komandasının heyətində 17 oyun keçirib və 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: