Ançelotti: “Atalanta” ilə oyunda qələbəyə layiq idik”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Atalanta”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İspaniya nəhəngi İtaliya klubu ilə səfər oyunundan 3:2 hesablı qələbə ilə ayrılıb.

İtalyan mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz dolğun oyun göstərdik, xasiyyət nümayiş etdirdik, vuruşduq və döyüşdük. Bütün çətinliklərə rəğmən, mübarizə aparmağa dəyər bir oyun idi. Biz hücumda təsirli idik. Vinisius Junior, Cud Bellingem və Kilian Mbappe ilə çox hərəki idik, onlar da əla oynadılar. Sonda müdafiə olunmalı olduq, amma bu qələbəyə layiq idik.

“Atalanta” fiziki baxımdan bizdən çox şey tələb etdiyi üçün çətin oyun oldu. Bu, təkbətək döyüş idi və başlanğıcda bu mübarizələrin bəzilərini qazandıq. Hücumda böyük hərəkilik nümayiş etdirdik. Oyun yaxşı keçdi və biz xoşbəxtik. Bu, təkcə üç xal üçün deyil, həm də duyğusal baxımdan vacib qələbədir.

Bilmirəm, 15 xal bizi ilk səkkizliyə salacaqmı, amma məqsədimiz növbəti iki oyunda qələbə qazanmaqdır. Təqvim çox tələbkardır, məhdud heyətimiz var və bu, mütəmadi surətdə nöbələşmə icra etməyə imkan vermir. Bu müddətə dözmək görəkdir.

“Osasuna” ilə oyundan (4:0) sonra komanda müdafiədə daha çox mütəşəkkildir. Çox güclü komandalara iki oyunda uduzmuşuq, amma özümüzü məğlub hiss etmədik. Bu qələbə bizə çox kömək edəcək.

Tam heyətə malik olanda daha çox rəqabət imkanı olacaq və mən daha tez-tez növbələşmə edə biləcəyəm, amma mən həmişə mümkün olan ən yaxşı komandanı meydana çıxaracağam. Dani Sebalyos sadəcə gözəl oynadı, onun oyununu çox bəyəndim.

“Atalanta” əla komandadır, onlar yüksək sürətlə oynayırlar. Onların müdafiə xətlərini yarıb keçməyi bacardıq. Onların quruluşu dəyişməsə də, çox aydın fikirləri var və onlar məğlub edilməsi çox çətin bir komandadır. Bu, onlar üçün çox yaxşı mövsüm olacaq”, deyə Ançelotti vurğulayıb.

6 oyundan 9 xalla “Real” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 18-ci pillədə qərarlaşıb. “Atalanta” isə 11 xalla 9-cu pillədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: