Ançelotti ÇL-in finalı üçün qapıçı seçimi haqda danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti Dortmund “Borussiya”sı ilə Çempionlar Liqasının qarşıdakı finalı haqda danışıb.

Arena.az məlumat verir ki, italyan mütəxəssis bu barədə İspaniya La Liqasının 36-cı turunda “Alves” üzərində 5:0 hesablı ev qələbəsindən sonra keçirilmiş mətbuat konfransında söhbət açıb:

“Biz artıq Çempionlar Liqasının finalına hazırlaşmağa başlamışıq. Gələn həftə futbolçuları fiziki, növbəti həftə isə taktiki cəhətdən hazırlayacağıq. Amma indi istirahət etməliyik. Biz buna layiqik”, deyə Ançelotti bildirib.

İtalyan mütəxəssis həmçinin Çempionlar Liqasının finalı ərəfəsində “qaymaqlılar”ın düşərgəsindəki qapıçıların əsas heyətdə yer uğrunda rəqabətinə toxunub:

“Kurtua La Liqada “Villarreal” ilə daha bir oyun keçirəcək, Lunin isə “Betis”lə ikinci oyuna çıxacaq, amma bundan sonra nə olacağını deyə bilmərəm. Kurtua bu gün inanılmaz formada idi”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, “Real” Çempionlar Liqasının həlledici final oyununda Almaniya təmsilçisi Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.