“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti La Liqanın Hakimlər Komitəsinin prezidenti David Qutyerresə müraciət edib.
Arena.az “El Chiringuito TV”-yə istinadən italyan mütəxəssisin müraciətini diqqətinizə çatdırır:
“Siz məşqçilərdən hörmət istəyirsiniz, amma hakimlər özləri bizə hörmət etmirlər”, deyə Ançelotti açıq danışaraq, məlum hadisəyə eyham vurub.
Xatırladaq ki, hazırda, La Liqada “Barselona”dan rüşvət almaqda ittiham edilən hakimlər komitəsinin sabiq vitse-prezidenti Xose Neqreyra ətrafında qalmaqallı məhkəmə prosesi gedir. Oktyabrda Neqreyra məhkəmədən özünün psixi sağlamlıq vəziyyətini əsas gətirərək, cinayət işində iştirakını istisna etməyi xahiş edib.
Xose Neqreyranın Barselona İstintaq Məhkəməsinə mütərəqqi koqnitiv demansiya səbəbindən cinayət işində ifadə verə bilməyəcəyini göstərən psixiatriya hesabatı təqdim etdiyi bildirilir.
İspaniya futbol ictimaiyyətində müvafiq məqamın əksəriyyət tərəfindən sadəcə biabırçılıq kimi qiymətləndirildiyini də əlavə edək.


