“Real”ın baş məşqçisi Karlo Ançelotti “Napoli”i ilə oyun ərəfəsində rəqib futbolçular – Viktor Osimhen və Xviça Kvaratsxeliya haqda danışıb.
Arena.az Madrid klubunun rəsmi saytına istinadən italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Onlar ötən il həqiqətən fərqlənmiş çox yaxşı hücumçulardır, özlərinin keyfiyyətlərini nümayiş etdirdilər və yüksək səviyyəli oyunçular olduqlarını göstərdilər. Onlar müxtəlif xüsusiyyətlərə sahib heyrətamiz istedada malikdirlər. Kvaratsxeliya təkbətək epizodlarda çox güclüdür. Osimhen isə bütün göstəricilərdə çox təhlükəlidir”, deyə Ançelotti rəqib futbolçular haqda yüksək fikirdə olduğunu vurğulayıb.
Cari mövsümdə 22 yaşlı gürcü sol cinah vingeri “Napoli”nin heyətində 7 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə verib. Vurğulayaq ki, Xviça uzun müddət qol susqunluğuna dalmışdı.
24 yaşlı nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen isə bu mövsüm neapollular üçün 8 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Xatırladaq ki, Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçiriləcək “Napoli” – “Real” oyunu bu gün, oktyabrın 3-də baş tutacaq.
Hazırda “Napoli” və “Real” Çempionlar Liqasının C qrupunun liderləridir. Hər iki komandanın 3 xalı var. İtaliya təmsilçisi daha yaxşı top fərqinə görə mütləq liderdir.
Qrupun digər oyunda isə “Union Berlin” “Braqa”nı qəbul edəcək.


