“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın “Barselona” ilə İspaniya La Liqasının 11-ci tur oyununa hazırlığı haqda söhbət açıb.
Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Yaxşıyıq, şövqümüz özünün son həddindədir. “Klasiko”lar rəqabətli və gərgin oyunlardır, amma onlar həm də baxımlıdırlar. Biz öz azarkeşlərimiz qarşısında yaxşı çıxış etmək istəyirik. “Barselona” çox cəsur, yaxşı futbol oynayan bir komandadır. Oyuna yaxşı hazırlaşmalı və bacardığımız qədər yaxşı etməyə çalışmalıyıq”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, “Real” “Barselona”nı oktyabrın 26-da “Santyaqo Bernabeu”da “qonaq” edəcək. Hakim oyunu Bakı vaxtı ilə 23:00-da başladacaq.
Oyun La Liqanın 9-cu turunun mərkəzi görüşü kimi əlamətdar olacaq.
11 turdan sonra 27 xal toplamış “Barselona” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Real” isə 24 xalla 2-ci pillədən “blauqrana”nı daban-dabana təqib edir.


