“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının qarşıdan gələn final oyunundan gözlənitiləri haqda danışıb.
Arena.az xatırladır ki, “Real” Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.
İtalyan mütəxəssis bildirib ki, final oyununun nəticəsindən asılı olmayaraq, ümumilikdə mövsümdən razıdır:
“Biz bu kuboka giriftar deyilik. Bu, bizim məqsədimizdir. Rəqabətə giriftarıq. Aydındır ki, UEFA Çempionlar Liqasını qazanmaq çox vacibdir, amma düşünürəm ki, mövsümümüz artıq uğurludur.
Biz futbolda əldə edilə biləcək ən böyük məqama yaxınıq: UEFA Çempionlar Liqasının kubokunu qaldırmaq. Ancaq bir qorxu var ki, biz onu əlimizdən buraxa bilərik. Ona görə də burada olmağımızdan zövq almalıyıq. Azacıq bəxtə ehtiyacımız var”, – UEFA-nın rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.
Ançelotti həmçinin “Real”ın oyunların son dəqiqələrində vaxtaşırı qələbələr qoparmalarına rəvac verən “qaymaqlılar”ın bu xasiyyətinin haradan qaynaqlanması haqda müvafiq sualı cavablayıb:
“Mürəkkəb məsələdir. Hamısı şəraitdən asılıdır. Amma bu klubda xüsusi bir məqam var. Bu, qəzavü-qədər, ya da təsadüf ola bilməz. Ola bilsin ki, bu tarix, ənənə, keyfiyyətlə bağlıdır. Dəqiq bilmirəm, amma bu dəfələrlə baş verib, bu da o deməkdir ki, bu, təsadüf deyil”.
Xatırladaq ki, iyunun 1-də Londonun “Uembli” stadionunda “Real” və Dortmund “Borussiya”sı arasında keçiriləcək Çempionlar Liqasının final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


