“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın başında oyunların sayına görə madridlilərin sabiq baş məşqçisi Zinədin Zidanı ötüb.
Arena.az məlumat verir ki, İspaniya Super Kuboku çərçivəsində “Barselona” ilə oyun (4:1) italyan mütəxəssisin “kral klubu”nun baş məşqçisi kimi 264-cü oyunu olub.
“Real”ın sükanı arxasında oyunların sayına görə mütləq rekordçu ispan mütəxəssis Migel Munyosdur (605 matç).
Xatırladaq ki, “Real” və “Barselona”nın qarşılaşdığı İspaniya Super Kubokunun final oyunu Səudiyyə Ərəbistanının “Əl-Əvval Park” stadionunda baş tutub. Oyunu Xuan Martines Munueranın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. “Real” “Barselona”nı 4:1 hesabı ilə darmadağın edərək, İspaniya Super Kubokunun 40-cı – 2023/2024 mövsümünün qalibi olub. Bu, “Kral Klubu”nun müvafiq yarışda 13-cü qalibiyyətidir. “Barselona”nın isə İspaniya Super Kubokunda 14 qalibiyyəti var.


