“Antalyaspor” “Verder”in müdafiəçisini transfer etdi

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın “Verder” klubunun müdafiəçisi Ömer Toprakı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Bremen təmsilçisi ilə müqaviləsinin müddəti bitdiyi üçün azad agentə çevrilən təcrübəli oyunçu üçün Almaniya klubuna heç bir təzminat ödənilməyib.

Ömer Toprak 2019-cu ildən “Verder”də çıxış edirdi. Mərkəz müdafiəçisi geridə qalan mövsümdə Bremen klubunda meydana çıxdığı 21 oyunda 1 qol da vurub. O, karyerası ərzində “Frayburq”, “Bayer” və “Borussiya” (Dortmund) komandalarının da uğurları üçün çalışıb. Türkiyə millisinin üzvü ilk dəfə doğma vətənində çıxış edəcək. O, milli komandada meydana çıxdığı 27 oyunda 2 qola imza atıb.

“Antalyaspor” üç futbolçusu ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Belə ki, braziliyalı dayaq yarımmüdafiəçisi Fernando Martins və sol cinah müdafiəçisi Güray Vural ilə 1 illik, belçikalı qapıçı Ruud Boffinlə isə 1+1 illik yeni sözləşmə imzalanıb.

Antalya təmsilçisi daha öncə kapitanı Hakan Özmert ilə də yeni müqavilə imzalandığını açıqlamışdı. Həmçinin sözügedən klub “İstanbulspor”dan qapçı Alperen Uysalı, “Göztəpə”dən isə Soner Aydoğdunu heyətinə qatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: