İspaniya La Liqasının 13-cü turunun “Malyorka” ilə ev oyunu “Atletiko”nun fransalı mərkəz hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, fransalı futbolçu bu matçın 63-cü dəqiqəsində yeganə qolun müəllifi olub və komandasına minimal hesablı qələbə qazandırıb.
Qrizmann bununla “döşəkçilər”in heyətində vurduğu qolların sayını 170-ə çatdırıb və komandanın ən sərrast futbolçuları siyahısında Adrian Eskuderonu (1945 – 1958) geridə qoyaraq, 2-ci pilləyə yüksəlib. İndi Qrizmanı Madrid klubunun ən sərrast futbolçusu olmaqdan 3-cə qol ayırır. Mütləq rekord “Atletiko”nun keçmiş futbolçusu və İspaniya yığmasının sabiq çalışdırıcı Luis Araqonesə (1964 – 1974) məxsusdur – 173 qol.
Antuan Qrizmann “Real Sosyedad” futbol akademiyasının yetirməsidir. O, “Atletiko”ya 2014-cü ilin iyulunda elə, “Real Sosyedad”dan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. Cari ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib.
Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 17 oyuna 13 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 358 oyun, 170 qol, 77 məhsuldar ötürmə.
Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.
Qrizmann hazırda vitse-kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 127 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı Antuan Qrizmanı 25 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.


