Anxelinyo “Qalatasaray”da – Rəsmi

Almaniyanın “Leypsiq” klubunun ispan müdafiəçisi Anxelinyo (Xose Anxel Esmoris Tasende) Türkiyə çempionu “Qalatasaray”a keçib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Sarı-qırmızılar” 26 yaşlı sol cinah müdafiəçisini satınalma şərti ilə icarəyə götürüblər. “Qalatasaray” bir illik icarə üçün “Leypsiq”ə 1,5 milyon avro ödəyəcək. Futbolçunun özü isə qarşıdakı mövsüm üçün 2,3 milyon avro məvacib alacaq. Türkiyə çempionu müdafiəçinin transfer hüquqlarını almaq istəsə, Almaniya klubuna əlavə 6 milyon avro ödəməlidir.

İspan futbolçu “Qalatasaray”da 3 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Anxelinyo 2021-ci ilin əvvəlindən “Leypsiq”də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 100 oyunda 12 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi PSV, “NAK Breda”, “Hoffenhaym”, “Mançester Siti”, “Nyu York Siti” kimi klubların da formasını geyinib. O, İspaniyanın U-17 və U-21 yığmalarında da oynayıb.

Yeri gəlmişkən, “Qalatasaray”ın ötən ilin sentyabr ayında İngiltərənin “Norviç Siti” klubundan icarəyə götürdüyü Milot Raşiça da əvvəlki klubuna qayıdıb. İstanbul təmsilçisi onu heyətində saxlamağa ehtiyac duymayıb. Həm Albaniya, həm də Kosovo yığmalarında oynamış yarımmüdafiəçi Türkiyə çempionu olduğu bu komandada 30 oyuna çıxıb, 6 qol və 7 assistlə yadda qalıb.

Xatırladaq ki, Milot Raşiça 2021-ci ilin yayında Almaniyanın “Verder” klubundan 11 milyon avro qarşılığında “Norviç Siti”yə keçib. O, İngiltərə komandasının heyətində 40 oyuna 2 qol vurub, 3 assist edib. 27 yaşlı vinger daha öncə “Vuştrria” və “Vitess”də də forma geyinib. Vaxtilə Albaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Raşiça, 2016-cı ildən Kosovonun əsas millisinə dəvət alır. O, yığmada 48 oyuna 8 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: