Arne Slot Karlo Ançelottinin Premyer Liqadakı nailiyyətini təkrarladı

İngiltərə Premyer Liqasının “Aston Villa” ilə 11-ci tur ev oyunu (2:0) “Liverpul”un baş məşqçisi Arne Slot üçün əlamətdar olub.

Arena.az “Squawka” dərgisinə istindən məlumat verir ki, niderlandlı mütəxəssis “qırmızılar”ın sükanı arxasında Premyer Liqada keçirdiyi ilk 11 oyunda 9-cu qələbəsini rəsmiləşdirib.

Beləliklə Arne Slot italyan həmkarı, hazırda “Real”ı çalışdıran Karlo Ançelottinin 15 il öncə, 2009-cu ildə “Çelsi”nin sükanı arxasında müəyyənləşdirdiyi nailiyyəti təkrarlamış olub.

Yeri gəlmişkən, Arne Slot Mersisayd klubunda işləməyin onun üçün asan olub-olmadığını ilə bağlı sualı cavablayıb. Niderlandlı mütəxəssisin sözlərinə görə, müsbət nəticələrə rəğmən, öz işini asan adlandıra bilmir:

“Yox, yox, heç də yox. Həmişə olduğu kimi son həddə qədər işləməli olduq. Qalib gəlmək istəyiriksə, bunun başqa bir yolu yoxdur. Heç bir halda asan olmayacaq”, deyə Slot vurğulayıb.

11 turdan sonra “Liverpul” 28 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinə başçılıq edir. “Qırmızılar” ən yaxın rəqibi “Mançester Siti”ni 5 xal qabaqlayırlar.

Arne Slot məşqçilik fəaliyyətinə 2016/2017-ci illər mövsümündə “Kambur” klubunda başlayıb. Sonra niderlandlı mütəxəssis “AZ Alkmar” (2019/2020) və “Feyenoord”u (2021/2024) çalışdırıb. Slot məhz bu iki komanda ilə uğurlu işi müqabilində adından söz etdirib.

Arne Slot “Liverpul”un sükanı arxasında cari ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” 46 yaşlı niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Niderlandlı mütəxəssis “Liverpul”u 17 oyuna çıxarıb, 15 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət yaşayıb, “qırmızılar”ın top fərqi isə 39:10 nisbətindədir.

Arne Slotun qənimətlər muzeyində “Feyenoord”la qazandığı Niderland çempionluğu və Niderland Kuboku var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: