Premyer Liqanın “Brayton”la 10-cu tur oyununda 2:1 hesablı əzmkar ev qələbəsi “Liverpul”un baş məşqçisi Arne Slot üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Slot “qırmızlar”la Premyer Liqa mövsümünün ilk 10 turunda 8 qələbə qazanmaqla, “Liverpul” məşqçiləri arasında tarixi rekorda imza atıb.
Slotun “Liverpul”u cəmi iki oyunda xallar itirib. “Qırmızılar” 4-cü tur çərçivəsində ev oyununda “Nottingem Forest”ə məğlub olublar (0:1). 9-cu tur çərçivəsində baş tutan “Arsenal”la səfər oyununda isə 2:2 hesablı heç-heçə qeydə alınıb.
Qalan oyunlarda Arne Slot bir qayda olaraq “Liverpul”a qələbələr qazandırıb: “İpsviç Taun” (2:0), “Brentford” (2:0), “Mançester Yunayted” (3:0), “Bornmut” (3:0), “Vulverhempton” (2:1), “Kristal Pelas” (1:0), “Çelsi” (2:1) və məlum olduğu kimi, “Brayton” (2:1) “qırmızılar”la oyundan məğlub ayrılıblar.
Əlavə edək ki, Slota qədər müvafiq göstəricidə ən yaxşı nəticəyə, XX əsrin 20-ci illərində “Liverpul”u çalışdırmış ingilis mütəxəssis Uilyam “Billi” Konnell müvəffəq olmuşdu. Konnelin “Liverpul”u İngiltərə çempionatının ilk 10 turu ərzində 7 qələbə və 3 heç-heçəyə imza atıb.
Arne Slot məşqçilik fəaliyyətinə 2016/2017-ci illər mövsümündə “Kambyur” klubunda başlayıb. Sonra niderlandlı mütəxəssis “AZ Alkmar” (2019/2020) və “Feyenoord”u (2021/2024) çalışdırıb və məhz bu iki komanda ilə uğurlu işi ilə adından söz etdirib.
Slot “Liverpul”un sükanı arxasında cari ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” 46 yaşlı niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Niderlandlı mütəxəssis “Liverpul”u 15 oyuna çıxarıb, 13 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət yaşayıb, “qırmızılar”ın top fərqi isə 33:10 nisbətindədir.
Slotun qənimətlər muzeyində “Feyenoord”la qazandığı Niderland çempionluğu və Niderland Kuboku var.
İngiltərə Premyer Liqasının 10 turundan sonra Slotun “Liverpul”u 25 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb.


