Arne Slot “Liverpul”un az qol buraxmasını izah etdi

“Liverpul”un baş məşqçisi Arne Slot 2024/2025-ci illər mövsümünün əvvəlində mersisaydlıların niyə az qol buraxdığını açıqlayıb.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bəli, biz yaxşı müdafiə olunuruq, baxmayaraq ki, məncə, son oyunda qapıçımız çox tez-tez oyuna qoşulurdu. Bir neçə gün əvvəl yarış cədvəlinə baxıb fikirləşdim: “Hm, indiyə qədər hansı komandalarla qarşılaşmışıq? Onlar cədvəlin yuxarısındadırlar, yoxsa aşağısında?” Məncə, “Mançester Yunayted” istisna olmaqla, onların demək olar ki, hamısı, “Yunayted”dən də əmin deyiləm, yarış cədvəlinin ikinci yarısındadırlar. Bunu da nəzərə almaq lazımdır.

Qarşıda bizi güclü komandalarla görüşlər gözləyir, görək, bundan sonra “buraxılmış qollar” sütununda hansı rəqəm olacaq. Ola bilsin ki, indiyə qədər təqvim bu mənada bizim üçün əlverişli olub”, deyə Arne Slot bildirib.

İngiltərə Premyer Liqasının 5 turundan 12 xal toplamış “Liverpul” 2-ci pillədə qərarlaşıb və 13 xal toplamış lider “Mançester Siti”ni daban-daban təqib edib. “Qırmızılar” 4 oyunda qələbə qazanıblar, yalnız 1 oyunda məğlub olublar, top fərqi isə 10:1 nisbətindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: