“Liverpul”un baş məşqçisi Arne Slot Mersisayd klubunun cari mövsüm transfer bazarındakı zəif fəaliyyətindən narahat olmadığını bildirib.
Arena.az “Liverpool Echo” dərgisinə istinadən məlumat verir ki, öz sözlərinə görə, niderlandlı mütəxəssis bütün diqqətini “qırmızılar”ı 2024/2025-ci illər mövsümünə hazırlamağa cəmləyib:
“Bu klubda işə başlayandan bəri, mənim əsas vəzifəm komandanı yeni mövsümə hazırlamaqdır. “Liverpul”un idman direktoru keçidlər üzərində işləyir. O, məni baş verən hadisələrdən xəbərdar edir, amma mənim bütün diqqətim buradakı və indiki oyunçulara yönəlib”, deyə Slot vurğulayıb.
Niderlandlı mütəxəssis “Liverpul”un heyət dərinliyə ilə bağlı sualı da cavablayıb:
“Düşünürəm ki, digər klubların oyunçuları da az deyil, amma hər şey sizin bunu necə qiymətləndirdiyinizdən asılıdır. Gənc oyunçuları da sayırsınızsa, bəli, bizdə kifayət qədər çox oyunçu var”.
Xatırladaq ki, Arne Slot “Liverpul”un sükanı arxasında cari ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” 45 yaşlı niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
“Liverpul”un Slotu baş məşqçi olaraq seçməsində niderlandlı mütəxəssisin “Feyenoord”un sükanı arxasıda keyfiyyətli fəaliyyəti vacib məqam olaraq qiymətləndirilir.
Arne Slot “Liverpul”a qədər, 2021-ci ilin iyul ayından “Feyenoord”a çalışdırırdı. “Feyenoord” niderlandlı mütəxəssisin rəhbərliyi altında bütün yarışlarda 148 oyuna çıxıb, 97 qələbə, 27 heç-heçə və 24 məğlubiyyət yaşayıb. Rotterdamlıların top fərqi isə 346:156 nisbətindədir. Slot “Feyenoord”a Niderland Erediviziyasını (2022/2023) və Niderland Kubokunu (2023/2024) qazandırıb.


