Azərbaycan İdman İstedadları Akademiyası (ASTA) ilə İspaniyanın “Marset” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Arena.az xəbər verir ki, müqaviləyə əsasən, “Barselona”nın “Marset” Futbol İnstutunun məşqçiləri İspaniyaya yollanacaq 2008-2009-cu il təvəllüdlü 50 gənc istedad arasından 15-ni seçəcək.
Dörd il ərzində 15 azərbaycanlı uşaq ASTA-nın sponsorluğu ilə “Barselona” ilə əlaqəli olan “FA Marcet”də təhsil alacaq.
2024 və ya 2025-ci ildə “Marcet”in məşqçiləri 2010-2011-ci il təvəllüdlü uşaqlar arasında növbəti seçim keçirəcək.
İyulun 2-nə qədər “Marset”in məşqçiləri Ragel Felipe və Rivero Arias Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi seçimlərdə bəyəndikləri uşaqları seçəcəklər.
ASTA Futbol Akademiyasının rəsmisi Vəli Bünyadov bu gün təşkil olunmuş mətbuat konfransında sözügedən layihə barədə fikirlərini bölüşüb:
“Oğlumu “Marset” Futbol Akademiyasına aparanda onların məşq prosesini gördüm. Müsbət nəticəni görəndən sonra rəhbərliklə məsləhətləşdik və qərara aldıq ki, buradakı uşaqları inkişaf etmələri üçün İspaniyaya göndərək. Bu layihəyə dəstəyi akademiyamızın sahibi olan iş adamı Adnan Əhmədzadə verdi. O, təklifimizi dərhal qəbul etdi. “Marset” Futbol Akademiyası ilə danışıq apardıq və müqavilə imzaladıq”.
Bünyadov İspaniyaya gedəcək yeniyetmələrin orada dil problemi yaşamayacaqlarını düşünür: “Marset” Futbol Akademiyasında ispan dili kursu da keçirlər. Yəni, uşaqlara yerli dili öyrədirlər. Buna baxmayaraq, iyul-avqust aylarında uşaqlara müəllim tutacağıq ki, ispan dilini heç olmasa 20-30 faiz öyrənsinlər və ora gedəndə hazır olsunlar. Təhsil sentyabrın 5-də başlayacaq”.
ASTA rəsmisi uşaqların il ərzində iki dəfə Azərbaycana gəlmələri üçün akademiya tərəfindən hər cür şərait yaradılacağını da sözlərinə əlavə edib: “Yeni İl bayramında iki həftəlik fasilə olur, eyni zamanda, iyunda məktəb bitir, istirahət günləri yaranır. Həmin vaxtlarda uşaqların buraya gəlmələri və yenidən İspaniyaya qayıtmaları ASTA Futbol Akademiyası tərəfindən təşkil olunacaq”.
“Zirə” və digər klublar layihədə iştirak etmək istəmədilər”
Akademiyanın koordinatoru Rafael Yusifov 2008-2009-cu il təvəllüdlü yeniyetmələri milli komandanın bazasına əsasən seçdiklərini bildirib. O, bəzi klubların bu layihədə onlara dəstək nümayiş etdirdiyini vurğulayıb: “Seçimlərdə iştirak etmək, özlərini göstərmək üçün hamıya imkan yaratdıq. Uşaqların klublarla müqavilələri var. “Səbail”, “Neftçi” və digər 1-2 klub oyunçularını verməyə razılaşdılar. “Zirə” və digər klublar isə layihədə iştirak etmək istəmədilər”.
“Marset” Futbol Akademiyasının direktoru Rivero Karlos Arias çıxışında gördükləri işlər barədə məlumat verib: “Akademiyamız Şimali Koreyada seçimlər aparmış, bir il ərzində 20 nəfəri İspaniyaya aparmışdı. Onlardan 3-ü sonradan Şimali Koreya millisinə qoşulmuşdu. Onlardan biri Han-Kvan Son isə “Yuventus” klubuna transfer olunmuşdu. Biz akademiyada hər bir idmançı ilə fərdi təlimlər keçirik. Futbolda ən vacibi nəticədir. 14-16 yaşlı uşaqlar arasında oyunlar keçirilir, dincəlməyə çox vaxtları olmur. Hər birinə fərdi dərslər keçirik, istirahət etmək imkanı da yaradırıq. Akademiyada əsasən texnoloji resurslardan istifadə edirik. Məşqçilər bu resurslarla təmin olunurlar. Akademiyada 24 ölkənin nümayəndəsi çalışır. Futbol dilində danışdığımız üçün heç bir problem yaşamırıq. Yetişdirdiyimiz idmançılar daha sonra müxtəlif klublarla müqavilələr bağlayırlar və orada daha da irəli gedirlər. Akademiyamızı bitirənlər bu gün dünyanın məşhur klublarında çıxış edirlər. Məsələn, “River Pleyt”, “Atletiko” kimi komandalarda yetirmələrimiz var”.
Mütəxəssis bu il seçiləcək azərbaycanlı yeniyetmələr barədə müəyyən müddət keçdikdən sonra fikir bildirəcəklərini deyib: “Bakıda olmağımızın böyük əhəmiyyəti var. İspaniyanın məşhur “Marca” qəzetində bura gəlməyimizlə bağlı məqalə dərc olunmuşdu. Çünki Azərbaycana nadir hallarda İspaniyadan məşqçi gəlir. Burada seçilən uşaqlar barədə indidən nəsə deyə bilmərik. Konkret fikir bildirmək üçün 1-2 il vaxt keçməlidir. Biz təkcə futbolçu yox, yüksək təhsilli vətəndaş yetişdirməyə çalışırıq”.
“Azərbaycan futbolçuları texniki cəhətdən hazırlıqlı olurlar”
Rivero Karlos Arias Azərbaycan futbolunun ildən-ilə inkişaf etdiyini düşünür: “Azərbaycanda yaxşı futbolçular var. Bu ölkənin futbol sahəsində böyük inkişaf gedir. Bizim layihəmiz də kömək ola bilər. Hamı düşünür ki, Braziliyadan, Afrikadan çıxan oyunçular daha yaxşı olurlar. Amma biz göstərmək istəyirik ki, başqa ölkələrdən də güclü futbolçular yetişdirmək mümkündür. Azərbaycan futbolçuları texniki cəhətdən hazırlıqlı olurlar. İstənilən şəxs rəqabət görməyəndə tənbəlləşir. Biz akademiyada rəqabət mühiti formalaşdırır, uşaqlardan çox şey tələb edirik. Onların intizamı və öz üzərlərində çalışmaları bizim üçün vacibdir. Hansısa oyunçuda bunları görə bilməsək, ASTA ilə əlaqə saxlayacağıq və onu başqası ilə dəyişdirməyə çalışacağıq”.
“Marset” Futbol Akademiyasının seleksiyaçı məşqçisi Ragel Marmol Felipe isə hər bir oyunçu ilə həm fərdi, həm də kollektiv şəkildə çalışdıqlarını bildirib: “Başqa klublardan akademiyamıza gələn idmançılarla bağlı təhlillər aparırıq, onlara gündə iki dəfə məşq keçirik. Hər bir oyunçunun qarşısına əvvəlcə makro və mikro hədəflər qoyuruq. Gənclərə fərdi və kollektiv məşqlər keçirik. Ona öz videolarını göstərib, birlikdə analiz aparırıq. Başqa klublar bizim uşaqlarla müqavilə bağlamaq istəyəndə, onların həmin yerə uyğun olub-olmadıqlarını apardığımız təhlillərlə müəyyənləşdiririk”.


