“Aston Villa” polyakəsilli ingiltərəli qapıçı Filip Marşalı İkinci Liqa (League Two) təmsilçisi “Milton Kins Dons”a icarəyə göndərib.
Arena.az bu barədə Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müddəti cari ilin may ayının sonuna qədər nəzərdə tutulub. Klublar arasındakı icarə haqqı icarə müddətinin sonunda razılaşdırılacaq. Elita klubu qapıçısının oyun təcrübəsini təmin edərək, tərəqqisinə nail olmaq istəyir.
Filip Marşal Premyer Liqa təmsilçisinin öz yetirməsidir. Gənc qapıçının “Qeytshed”də icarə təcrübəsi var.
Cari mövsümün ilk yarısında Marşal “Aston Villa”nın heyətində 1 oyun keçirib, 1 qol buraxıb.
Filip Marşal İngiltərənin U-16, U-18 yığmalarına, həmçinin Polşanın U-19 yığmasına dəvət alsa da, meydana çıxmayıb. İngiltərənin U-19 yığmasında isə Marşal 2 oyun keçirib, 4 qol “yeyib”.
“Transfermarkt” internet-portalı 20 yaşlı polyakəsilli ingiltərəli qapıçının transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.


