Madrid “Atletiko”su komandanın portuqal hücumçusu Joao Feliksi İspaniya çempionu “Barselona”ya buraxmaq qərarına gəlib.
Arena.az bu barədə AS portalına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, klublar 23 yaşlı hücumçunun icarəsi ilə bağlı razılığa gəlməyə çox yaxındırlar. Müqaviləyə satınalma maddəsinin də daxil ediləcəyi bildirilir. Bu xüsusda müvafiq rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Feliksinin özünün də klublar arasındakı yekun razılığın tezliklə əldə olunmasını səbirsizliklə gözlədiyi bildirilir.
Geridə qalmış 2022/2023 mövsümünün ikinci yarısında Feliks icarə əsasında “Çelsi”də çıxış edib və “zadəganlar”ın heyətində 20 oyuna çıxaraq, 4 qol vurub. Mövsümün bitməsi ilə London klubu portuqal futbolçunun xidmətində maraqlı olmadığını elan edib.
Feliksin “Atletiko” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalına Joao Feliksi 50 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl Feliks “Barselona”da oynamağın uşaqlıq arzusu olduğunu və bu arzunun tezliklə gerçəkləşəcəyinə ümid etdiyini bildirmişdi. “Atletiko” rəhbərliyi hücumçunun belə açıq bəyanatından qəzəblənərək, müvafiq xüsusda ismarışları Feliksə qadağan etmişdi. “Döşəkçilər”in azarkeşləri Feliksə hiddət nümayiş etdirərək klubun ev stadionu qarşısında futbolçunun xatirə lövhəsini xarab etmiş, özünü isə əxlaqsız təhqirlərlə söymüşdülər.


