“Atletiko”da Alvaro Morata şoku

La Liqanın 24-cü turunda “Sevilya”ya qarşı oyun (0:1) Madrid “Atletiko”sunun ispan hücumçusu Alvaro Morata üçün acı sonluqla bitib.

Arena.az paytaxt klubunun rəsmi saytına istinadən məlumat verir ki, Morata sümük əziyi və sağ dizinin daxili yan bağının burxulması zədəsi ilə üzləşib.

Xatırladaq, sözügedən oyunda zədələnmiş Morata oyunun 46-cı dəqiqəsində əvələnmişdi. Bazar ertəsi MRT müayinəsindən keçmiş Alvaronun zədə şiddəti müəyyən edilib, ispan hücumçunu əlavə müalicə gözləyir.

“Tanrıya şükür dizimin zədəsi ciddi deyil. Dəstəyiniz üçün çox sağ olun. Mən də ümidvaram ki, mənfi şərhlər yazan insanların da xoşbəxt olmaq və çox çalışmaq arzusu eynidir. Tezliklə ən yaxşı formama qayıdacağam”, deyə Morata sosial şəbəkələrdə bildirib.

İlkin ehtimala görə, bu zədə Moratanın Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirəcəyi oyunda iştirakını mümkünsüz edir. Tərəflər arasında ilk oyun fevralın 20-də Milanda, cavab oyunu isə martın 13-də Madriddə baş tutacaq.

Alvaro Morata Madrid “Atletiko”sunun yetirməsidir. Hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də çıxış edib. Moratanın “Atletiko” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Morata “döşəkçilər”in heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 19 qol vurub, 3 məhsuldar ötürmə verib.

Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 69 oyuna 34 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ispan hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.