Avropa çempionatı: Fransa ilə heç-heçə, Xorvatiyaya məğlubiyyət

Monteneqronun Budva şəhərində təşkil olunmuş şahmat üzrə komandalar arasında Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, mötəbər yarışda iştirak edən Azərbaycanın yığma komandaları bu gün növbəti görüşlərini keçiriblər.

Kişilərdən ibarət yığmamız 4-cü tur çərçivəsində Xorvatiya millisi ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib. Qadınlardan ibarət millimiz isə özü kimi məğlubiyyətsiz irəliləyən Fransa yığması ilə qarşılaşıb. Komandamız bu görüşdən “sülh”lə ayrılıb.

Xorvatiya – Azərbaycan 2,5:1,5
İvan Sariç – Teymur Rəcəbov 1:0
Ante Brkiç – Şəhriyar Məmmədyarov 0:1
Saşa Martinoviç – Rauf Məmmədov 0,5:0,5
Marin Bosioçiç – Nicat Abbasov 1:0

4 turdan sonra Azərbaycan millisi 4 xalla 15-ci pillədə qərarlaşıb. Millimiz əvvəlki turlarda Danimarkaya uduzub (1,5:2,5), Slovakiya (2,5:1,5) və İsveçə (3,5:0,5) qalib gəlib.

Azərbaycan – Fransa 2:2
Günay Məmmədzadə – Deyman Daulitye 1:0
Gövhər Beydullayeva – Sofi Miliye 0,5:0,5
Xanım Balacayeva – Mitra Hecazipur 0:1
Gülnar Məmmədova – Paulin Gişar 0,5:0,5

4 turdan sonra eyni xala (7) malik Azərbaycan, Fransa və Almaniya yığmaları şərikli liderlik edirlər. Yığmamız əvvəlki turlarda Sloveniyaya (2,5:1,5), Niderlanda (2,5:1,5) və Polşaya (3:1) qalib gəlmişdi.

9 turdan ibarət olacaq şahmat üzrə Avropa çempionatı noyabrın 21-də başa çatacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Rauf Məmmədov və Vasif Durarbəyli yer alıblar. Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanıb.

Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova daxildirlər. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevskidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: