Avropa çempionatı: Millilərimiz İsveç və Polşaya da qalib gəldilər

Monteneqronun Budva şəhərində təşkil olunmuş şahmat üzrə komandalar arasında Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, mötəbər yarışda iştirak edən Azərbaycanın yığma komandaları bu gün növbəti görüşlərini keçiriblər.

Kişilərdən ibarət yığmamız 3-cü tur çərçivəsində İsveç millisi üzərində qələbəyə sevinib. Qadınlardan ibarət millimiz isə Polşa yığmasını məğlub edib.

Azərbaycan – İsveç 3,5:0,5
Teymur Rəcəbov – Nils Qrandelius 0,5:0,5
Şəhriyar Məmmədyarov – Erik Blomkvist 1:0
Rauf Məmmədov – Tiger Persson 1:0
Vasif Durarbəyli – Hampus Sorensen 1:0

Xatırladaq ki, kişilərdən ibarət millimiz ilk turda Danimarkaya uduzmuş (1,5:2,5), ardından Slovakiyaya qalib gəlmişdi (2,5:1,5). Komandamız 3 turdan sonra 4 xalla 11-ci pillədə qərarlaşıb.

Polşa – Azərbaycan 1:3
Monika Soçko – Günay Məmmədzadə 0,5:05
Oliviya Kiolbasa – Ülviyyə Fətəliyeva 0:1
Yolanta Zavadska – Xanım Balacayeva 0:1
Alisiya Sliviçka – Gülnar Məmmədova 0,5:0,5

Xatırladaq ki, qadınlardan ibarət millimiz əvvəlki iki turda Sloveniya və Niderland yığmalarına eyni hesabla (2,5:1,5) qalib gəlmişdi. 6 xala malik komandamız hazırda Fransa yığmasıyla birgə şərikli liderdir.

9 turdan ibarət olacaq şahmat üzrə Avropa çempionatı noyabrın 21-də başa çatacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Rauf Məmmədov və Vasif Durarbəyli yer alıblar. Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanıb.

Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova daxildirlər. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevskidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: