Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, Azərbaycan millisinin iki üzvü yarışa qələbə ilə başlayıb.
Təmsilçilərimizdən Tural Sarıyev (48 kq) Denis Belinkini (Ukrayna) sınağa çəkib. Boksçumuz 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, növbəti döyüşündə rusiyalı Nikita Poluxinlə qarşılaşacaq. Görüş oktyabrın 20-də olacaq.
Nicat Hüseynovun da debütü uğurlu alınıb. 51 kq çəki dərəcəsində rinqə çıxan boksçumuz Kamiolo Alessionu (İtaliya) məğlub edib – 5:0 (29:27, 29:27, 29:26, 29:27, 29:27). O, oktyabrın 20-də baş tutacaq 1/4 final çərçivəsində şimali makedoniyalı Şehabi Hadi ilə üz-üzə gələcək.
Onlardan fərqli, Tacı Tağızadə (57 kq) Qaroğlan Xancanova (Rusiya), Nicat Qurbanov (71 kq) Daniil Tsitkoya (Belarus) uduzub.
Qeyd edək ki, çempionatın 4-cü günündə millimizin daha 3 idmançısı yarışa qoşulacaq. Doqquz gün davam edəcək Avropa çempionatı oktyabrın 23-də başa çatacaq. Komandamız bir gün sonra vətənə qayıdacaq.


