Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında təşkil olunmuş Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, qitə birinciliyində 1/8 finalın bütün döyüşləri başa çatıb.
Bu mərhələnin yekununa əsasən Azərbaycan millisinin üzvləri – Ruslan Qədirov (54 kq) və Maqsud Xasmetovun (57 kq) da rəqibləri dəqiqləşib. 1/8 finalda Başkim Bayokunu (Kosovo) 5:0 hesabı ilə məğlub edən Marian Çinio (Rumıniya) mərhələ adladığından ilk döyüşdən azad olan Qədirovla qarşılaşacaq.
Xasmetov isə 1/4 finalda Taha Akkoyunla (Türkiyə) gücünü yoxlayacaq. Qardaş ölkə təmsilçisi Matteu Teylora (İrlandiya) 5:0 hesabı ilə qalib gəldiyindən boksçumuza rəqib olub.
Hər iki görüş sabah – martın 19-da baş tutacaq. Sabah həm də yığmamızın digər üzvləri Nicat Hüseynov (51 kq), Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) da yarımfinal üçün mübarizə aparacaq. Boksçularımız müvafiq olaraq, Antonio Payva (İrlandiya), İqor Kovtun (Ukrayna) və Hüqo Qrau (Fransa) üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatı martın 23-də başa çatacaq.


