Bu gün futbol üzrə Avropa Liqasında 2022/23 mövsümünün sonuncu püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş tədbirə Bakı vaxtı ilə saat 16:00-da start verilib.
Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olub. Həmçinin, final matçının nominal meydan sahibinin adına aydınlıq gəlib. Bu mərhələdən etibarən istənilən ölkə təmsilçisi bir-birilə qarşılaşa bilərdi. “Kor püşk” nəticəsində turnirin favoritlərindən olan “Mançester Yunayted” “Sevilya”ya rəqib olub. “Yuventus” isə “Sportinq”i sınağa çəkəcək. “Bayer” Belçika “Yunion”u ilə üz-üzə gələcəksə, “Roma” ötən mövsüm Avropa Konfrans Liqasının finalında qarşılaşdığı “Feyenoord”la mübarizə aparacaq.
Xatırladaq ki, Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.
Avroliqanın cari mövsümünün sonuncu püşkatmasının nəticələri belə olub:
1/4 final
- “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)
- “Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya)
- “Bayer” (Almaniya) – “Yunion” (Belçika)
- “Feyenoord” (Niderland) – “Roma” (İtaliya)
Yarımfinal
- “Yuventus”/“Sportinq” – “Mançester Yunayted”/“Sevilya”
- “Feyenoord”/“Roma” – “Bayer”/“Yunion”
Final
1-ci yarımfinal cütünün qalibi – 2-ci yarımfinal cütünün qalibi


