Avropa Liqasında pley-off mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində növbəti mərhələyə vəsiqə uğrunda 20 komanda mübarizə aparıb.

Onlardan biri də Azərbaycan çempionu “Qarabağ” idi. Qurban Qurbanovun yetirmələri pley-offda Sloveniya “Olimpiya”sı ilə qarşılaşıb. Lyublyana təmsilçisi ilə ilk oyun səfərdə baş tutub və təmsilçimizin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Cavab görüşündə Avroliqanın qrupuna vəsiqəni təmin etmək üçün “Qarabağ”a heç-heçə də bəs edirdi. Bakıdakı qarşılaşma məhz bərabərliklə yekunlaşıb və təmsilçimiz qrupa vəsiqə qazanıb.

Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su da bu gün Avroliqada növbəti matçına çıxıb. Xorvatiya çempionu ilk oyunda 3 qol vurduğu Praqa “Sparta”sı ilə bu dəfə səfərdə qarşılaşıb. Amma Çexiyadakı görüşdə böyük hesabla uduzan zaqreblilər Avroliqa ilə vidalaşmalı olublar.

“Qarabağ” və “Sparta”dan başqa, “Aris”, “Slaviya”, “Şerif”, “Ayaks”, “Olimpiakos”, “Yunion”, “Aberdin” və LASK komandaları da qrup mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin püşkü sentyabrın 1-də atılacaq.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunları
31 avqust

“Qarabağ” (Azərbaycan) – “Olimpiya” (Sloveniya) 1:1 (ilk oyun 2:0)

“Aris” (Limasol, Kipr) – “Slovan” (Slovakiya) 6:2 (1:2)

“Zarya” (Ukrayna) – “Slaviya” (Praqa, Çexiya) 2:1 (0:2)

“Şerif” (Moldova) – “Klaksvik” (Farer adaları) 2:1 (1:1)

“Sparta” (Praqa, Çexiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 4:1 (1:3)

“Ayaks” (Niderland) – “Ludoqorets” (Bolqarıstan) 0:1 (4:1)

“Çukariçki” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) 0:3 (1:3)

“Luqano” (İsveçrə) – “Yunion” (Belçika) 0:1 (0:2)

“Aberdin” (Şotlandiya) – “Haken” (İsveç) 3:1 (2:2)

“Zrinski” (Bosniya və Herseqovina) – LASK (Avstriya) 1:1 (1:2)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: