Avropa Liqasında “Roma” və MY üçün uğursuz gecə

Bu gün futbol üzrə Avropa Liqasında 2022/2023 mövsümünün 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Əvvəlcə İtaliyanın “Roma” komandası ötən mövsüm Avropa Konfrans Liqasının finalında qarşılaşdığı “Feyenoord”un qonağı olub. İlk matçın taleyini bir qol həll edib. İtaliya təmsilçisi Niderlanddan məğlubiyyətlə qayıdıb.

İngiltərə nəhənglərindən “Mançester Yunayted” doğma meydanda İspaniyanın “Sevilya” komandası ilə üz-üzə gəlib. “Qırmızı şeytanlar” oyuna çox yaxşı başlayıblar və ilk hissədə iki qol vurublar. Amma meydan sahibləri qələbəni son dəqiqələrdə buraxdıqları iki qolla da əldən veriblər.

İtaliyanın ən titullu klublarından olan “Yuventus” evdə Portualiyanın “Sportinq” komandası ilə üz-üzə gəlib. Turin təmsilçisi ev oyunundan çətin qələbə ilə ayrılıb.

Almaniyanın “Bayer” komandası isə Belçika “Yunion”u ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflər ilk oyundan heç-heçə ilə ayrılıblar. Almaniya təmsilçisi məğlubiyyətdən xilas olmasına sevinib.

Xatırladaq ki, Avropa Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 20-də keçiriləcək.

Avroliqanın yarımfinal mərhələsinin ilk görüşləri 11 mayda, cavab görüşləri 18 mayda baş tutacaq. Turnirin həlledici görüşü isə mayın 31-də Macarıstanın Budapeşt şəhərindəki “Puşkaş Arena”da təşkil olunacaq.

Avropa Liqası
1/4 finalın ilk oyunları
13 aprel

Feyenoord (Niderland) – Roma (İtaliya) 1:0
Qol: Viffer, 53.

Bayer (Almaniya) – Yunion (Belçika) 1:1
Qol: Virts, 83 – Bonifeys, 51.

Yuventus (İtaliya) – Sportinq (Portuqaliya) 1:0
Qol: Qatti, 73.

Mançester Yunayted (İngiltərə) – Sevilya (İspaniya) 2:2
Qo: Zabitser, 14; 21 – X.Navas, 85. H.Maquayr, 90+3-öz qapısına.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: