Azarkeşlərdən Joao Feliksə ismarış – “İtil “Barsa”ya!”

Madrid “Atletiko”sunun azarkeşləri komandanın portuqal hücumçusu Joao Feliksə təhqiramiz ismarış göndəriblər.

Arena.az xəbər verir ki, “döşəkçilər”in azarkeşləri Feliksin “Barselona”ya keçmək istəyindən hiddətləniblər.

Nəticədə “Atletiko”nun stadionu qarşısında Joao Feliksin şərəfinə qoyulmuş xatirə lövhəsi vandal azarkeşlər tərəfindən xarab edilib. Lövhənin yaxınlığında Feliksə “Barsa”ya itilməyi tövsiyə edən ismarış yazılıb. Qəzəbli azarkeşlərin ismarışında həmçinin “Barselona”ya lənət olsun” deyilir. Yaxınlıqda isə Joao Feliksin ünvanına yönəlmiş əxlaqdan uzaq və qurşaqdan aşağı təhqiramiz ifadələr dolu “buketdən” ibarət yazılar yazılıb.

Xatırladaq ki, 23 yaşlı Feliks dünən, iyulun 18-də “Barselona”da oynamaq haqda uşaqlıq arzusunu dilə gətirmiş və bu arzunu gerçəkləşdirməyə ümidli olduğunu bildirmişdi.

Madrid klubunun rəhbərliyi Feliksin müvafiq açıqlamasından qəzəblənərək, hücumçuya daha bu mövzuda ismarışlar ifadə etməyi qadağan edib. “Atletiko”dan Feliksin agenti Xorxe Mendeşə oyunçunun klubu tərk etmək üçün hansı şərtlərə əməl etməli olduğunu da xatırladıblar.

Feliksin “döşəkçilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Vandalizm aktına isə klub tərəfindən hələ münasibət bildirilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: