Badri Kvaratsxeliya: “Oğlum “Real”da oynamaq arzusundadır”

Napoli”nin gürcü vingeri Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya oğlunun İtaliya klubundakı uğurlu çıxışına münasibət bildirib.

Arena.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu “Corriere dello Sport”a açıqlamasında oğlunun əsas idman hədəflərini də açıqlayıb:

“Onun ilk məqsədi liqanın növbəti oyunu, Çempionlar Liqası və milli komanda oyunudur. Amma onun arzuları, əsas məqsədləri Çempionlar Liqasını qazanmaq, “Real”da oynamaq və Gürcüstan yığması ilə mötəbər beynəlxalq turnirlərdə iştirak etməkdir. Ancaq indi o, “Real” haqqında düşünmür, onun başında yalnız Napoli var”.

Xatırladaq ki, cari mövsümdə Xviça Kvaratsxeliya “Napoli”nin heyətində 42 oyunda meydana çıxıb. O, bu oyunlarda 14 qol və 17 məhsuldar ötürmə ilə fərqlənib və komandasının İtaliya çempionluğunu qazanmasına töfhəsini verib.

“Transfermarkt” internet-portalı futbolçunu 85 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, cari mövsümün yekunlarına əsasən Xviça Kvaratsxeliya A Seriyasının ən yaxşı oyunçusu seçilib.

Sonda onu da qeyd edək ki, Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan millisinin formasını geyinib.