Bu ilin yazında Azərbaycanın paytaxtı Bakı şəhərində “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı təşkil olunacaq. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan paytaxtı daha bir mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı Bakı Kristal Zalında (“Baku Crystal Hall”) təşkil olunacaq. Mötəbər turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Festivalda şahmatçılar reytinqə uyğun olaraq üç qrup üzrə (A, B və C) mübarizə aparacaq. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.
Turnirin ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edir. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboku qazanacaq. C qrupunda hər yaş üzrə qaliblər Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcək.
Yarışda ilk tur mayın 4-də saat 14-30-da başlayacaq. Festivala mayın 12-də yekun vurulacaq.


