Kataloniya nəhəngi “Barselona”nın rəhbərliyinin klub haqda mətbuatda dolaşan şayiələrdən təəccübləndiyi bildirilir.
Arena.az xəbər verir ki, klub rəhbərliyinin, UEFA-nın maliyyə qaydalarını pozduğuna görə Kataloniya təmsilçisinin 2024/2025 mövsümündən Çempionlar Liqasından kənarlaşdırıla biləcəyi ilə bağlı daha əvvəl yayılmış şayiələr haqda hər hansı məlumatı yoxdur.
“Mundo Deportivo”nun yaydığı məlumata görə, Avropa İttifaqının Ədalət Məhkəməsinin dekabrın 21-də klubun layihəsini dəstəklədiyi Super Liqanın maneəsiz yaradılmasına icazə verən qərardan bir neçə saat sonra belə şayiələrin ortaya çıxması, İspaniya nəhənginin düşərgəsində hamını son dərəcə təəccübləndirib.
Xatırladaq ki, bu xəbəri Almaniyanın “Die Welt nəşri” dərc edib. Nəşrin məlumatına görə, “Barselona”nın klubun gəlirləri ilə bağlanması mümkün olmayan külli miqdarda borcu var. Bununla əlaqədar olaraq, Kataloniya klubu 2 və ya 3 il Çempionlar Liqasından kənarda qala bilər.
“Barsa” bu mövsüm La Liqada 18 oyun keçirib. Kataloniya təmsilçisi bu oyunlarda 11 qələbə qazanıb, 5 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Xaninin rəhbərlik etdiyi kollektiv 38 xalla üçüncü pillədə qərarlaşıb. Çempionlar Liqasında qrup birincisi kimi 1/8 finala adlayan İspaniya çempionunu 1/4 finala vəsiqə uğrunda “Napoli” (İtaliya) ilə oyunlar gözləyir.


