Kataloniya nəhəngi “Barselona”nın amerikan idman brendi “Nike” ilə sponsorluq əməkdaşlığı təhlükə altındadır.
Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.
Belə ki, rəhbərlik Kataloniya klubunun “Nike” ilə sponsorluq müqaviləsindən əldə etdiyi gəlir səviyyəsindən narazı olduğu üçün, amerikan idman brendi ilə uzunmüddətli işgüzar münasibətlərini kəsməyə hazırdır.
Mənbənin məlumatına görə, “Nike” ilə əməkdaşlıq “Barselona”ya hər mövsüm büdcəsini 155 milyon avro məbləğində artırmağa imkan verir. Amma Kataloniya nəhənginin rəhbərliyi bu məbləğin bazar göstəricilərindən aşağı olduğunu hesab edirlər. ABŞ şirkəti sponsorluq müqaviləsinin şərtlərinə yenidən baxacağı təqdirdə, “Barselona”nın münasibətləri kəsməməyə hazır olduğu vurğulanır. Hazırda “New Balance” brendi “Barselona”nın yeni tərəfdaşı olmağa maraq göstərir.
Kataloniya klubu həm də “Nike” şirkətinin bəzi tərtibat qərarlarından və oyunçuları ilə işləməyə yanaşmasından narazıdır.
Xatırladaq ki, “Barselona” “Nike” ilə 1998-ci ildən əməkdaşlıq edir.


