Madrid “Atletiko”sunun portuqal hücumçusu Joao Feliksin icarə əsasında “Barselona”ya keçidi yenidən gündəmdədir.
Arena.az bu barədə “Sport.es” portalına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Kataloniya nəhəngi cari ilin iyul ayından portuqal hücumçu ilə əlaqə saxlayır. Bununla belə, kataloniyalılar Feliksi yalnız hücumameyilli futbolçulardan birinin komandanı tərk edəcəyi təqdirdə almaq imkanındadırlar. Komandanın vingerləri Ferran Torres və Ansu Fati istənilən vaxt satışa çıxarıla bilər.
Ancaq transfer məsələsində “Barselona”nın Feliksi yalnız icarəyə götürmək variantı üzərində düşündüyü vurğulanır. Portuqal hücumçu Kataloniya klubunda oynamaq istəyindədir, hətta bu fikrinin açıq ifadəsinə görə “Atletiko” rəhbərliyinin hiddəti və “döşəkçilər”in azarkeşlərinin təhqiri ilə üzləşmişdi.
Geridə qalmış 2022/2023 mövsümünün ikinci yarısında Feliks icarə əsasında “Çelsi”də çıxış edib. Portuqal hücumçu “zadəganlar”ın heyətində 20 oyuna çıxıb, 4 qol vurub. Mövsümün bitməsilə “Çelsi” Feliksin xidmətində maraqlı olmadığını açıqlayıb və portuqal hücumçu Madridə geri dönmək məcburiyyətində qalıb.
Feliksin “Atletiko” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Joao Feliksi 50 milyon avro məbləğində qiymətləndirir.


