“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Bernardo Silva komanda yoldaşı Rodrinin “şəhərlilər”in oyununa təsirindən danışıb.
Arena.az Portuqaliya millisinin də üzvü olan futbolçunun bu barədə fikrini təqdim edir:
“Rodri çoxyönlü oyunçudur. O, topsuz olduğumuz zaman bizə kömək edəcək gücə və qüvvəyə malikdir. O, meydanda vəziyyətə mükəmməl nəzarət edir. Onun bizim üçün vacib oyunlarda necə qol vurduğunu da qeyd edə bilərsiniz – onda hər şeydən bir az var”, deyə Bernardo Silva vurğulayıb.
Rodri Madrid “Atletiko”sunun yetirməsidir. İspan “dayaqçı” “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024-cü illər mövsümündə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 9 qol vurub, 14 məhsuldar ötürmə verib. Cari mövsümdə isə o, hələ siftə etməyib.
Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023 mövsümünün oyunçusu seçilib.
Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 56 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.


