Boliviyada dünya futbolunun “hoqqabazlıq salnaməsi”nə düşəcək qeyri-adi, amma idman adına yaraşmayan hadisə qeydə alınıb.
Arena.az məlumat verir ki, “Royal Pari” “Real Oruro” komandaları arasında yüksək liqada iştirak etmək uğrunda keçirilmiş cavab oyununda qalmaqal yaşanıb.
İlk oyunda evdə rəqibini 4:0 hesabı ilə darmadağı etmiş “Royal Pari” səfərdəki cavab oyununda 0:3 hesabı ilə məğlub vəziyyətə düşüb. Üstəlik, oyunun sonlarında qonaq komandanın qapısına penalti zərbəsi təyin edilib. Elə, baş vermiş hoqqabazlıq da bu anda yaşanıb. “Royal Pari”nin baş məşqçisi hakimliyə etiraz əlaməti olaraq və 4:3 hesablı ümumi qələbə hesabını qoruyub-saxlamaq ümidi ilə komandasını fitləyərək, meydandan çıxarıb. Məqsəd gün kimi aydındır – hesabın mümkün bərabərləşməsini əngəlləmək, “nə yoğurmaq, nə yapmaq – hazırca kökə tapmaq”.
Bununla “Royal Pari”nin “dahi”ləri 0:3 hesablı texniki məğlubiyyətə ümid bəsləyiblər ki, bu da cütün arasındakı ümumi hesaba görə (4:3) onlara yüksək liqada iştirak imkanı verməli imiş. Hətta yerli polis “Royal Pari”nin bu hoqqabazlığının qarşısını almaq, komandanın meydanı tərk etməsini dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Amma əkilib aradan çıxmış “Royal Pari”nin hoqqası baş tutmayıb. Futbol federasiyasının nümayəndələri elə, yerindəcə bildiriblər ki, intizam məcəlləsinə əsasən, komanda cəzalandırılacaq, “Real Oruro” isə yüksək liqaya yüksələcək. Bundan xəbər tutmuş qonaqlar meydana qayıdıb mübahisəni davam etdirməyə, oyunu bərpa etməyə çalışıblar. Amma artıq iş-işdən keçib. Hakimlər briqadası 20 polis əməkdaşının əhatəsində meydanı tərk edib.
Bu idmanayaraşmaz biabırçılığın nəticəsi olaraq, yerli futbol federasiyası “Royal Pari”nin cəzası olaraq yüksək diviziona vəsiqə hüququndan məhrum edildiyini bəyan edib.


