Braziliya nəhəngi “Botafoqo” 55 yaşlı portuqal mütəxəssis Renato Payvanı “tənha ulduz”un sükanı arxasından istefaya göndərib.
Arena.az bu barədə Braziliya klubunun rəsmi saytına istinadən məlumat verir.
2025-ci il FIFA Klub Dünya Kubokunun “Palmeyras”a qarşı 1/8 final oyunu (əlavə vaxtda 0:1) Payvanın “tənha ulduz”un sükanı arxasında son oyunu olub. Hazırda Rio-de-Janeyro klubu baş məşqçi axtarışındadır.
Əlavə edək ki, “Botafoqo” rəhbərliyi Payvaya klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Fransa nəhəngi PSJ üzərində tarixi qələbəyə (1:0) görə xüsusi minnətdarlığını ifadə edib.
Renato Payva “Botafoqo”ya cari ilin fevral ayının sonuncu günündə baş məşqçi təyin edilmişdi. Rəhbərliyi müddətində portuqal mütəxəssis “Foqu”nu 23 oyuna çıxarıb, 12 qələbə, 3 heç-heçə, 8 məğlubiyyət yaşayıb. Top fərqi isə 29:16 nisbətindədir.
Renato Payva 2024-cü ildə məşqçilik fəaliyyətinə başlayıb, “Benfika”nın gənclərdən ibarət və “B” komandalarını çalışdırıb. Ardınca Payva “İndependyente del Valye”, “Leon”, “Baiya” və “Toluka”nı çalışdırıb.
Payva “İndependyente del Valye” ilə 2020/2021-ci illər mövsümü Ekvador çempionluğunu qazanıb.


