“Çelsi”nin sabiq oyunçusu və baş məşqçisi Canfranko Zola Todd Boulinin gəlişindən sonra “zadəganlar”ın klub strategiyası haqqında danışıb.
Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Onlar çoxlu gənc oyunçu aldılar. Əvəzində Jorjinyo, Kay Haverts və Mateo Kovaçiç kimi bir çox təcrübəli oyunçuları itirdilər. Onlar komandanın ruhu, liderləri olan bir çox oyunçularını itirdilər. Buna görə də yaxşı fəaliyyətə başlamaq üçün zaman gərək idi. Amma sonda Maurisio Poçettino uğur qazandı və bu, çox yaxşı işlədi. Onun getdiyini görmək çox təəccüblü idi. Bütün səbəblərini bilmirəm, amma açıq-aydın bir azarkeşin nöqteyi-nəzərindən məyus oldum”, deyə Canfranko Zola vurğulayıb.
Xatırladaq ki, may ayının 21-də “Çelsi” rəhbərliyi və Maurisio Poçettino qarşılıqlı razılıq əsasında əməkdaşlıq müqaviləsinə xitam veriblər. Poçettino “Çelsi”nin baş məşqçisi vəzifəsinə 2023-cü ilin yayında təyin edilmişdi. Bu müddət ərzində “Poç”un rəhbərliyi altında “zadəganlar” bütün yarışlarda 51 oyuna çıxıblar. “Çelsi” bu oyunların 27-də qalib gəlib, 10 heçə-heçə edib, 14 dəfə məğlub olub.
Vurğulayaq ki, “Çelsi” ötən mövsüm avrokuboklarda iştirak etməyib.
“Çelsi” İngiltərə Premyer Liqasının 2023/2024-cü illər mövsümün 63 xalla 6-cı pillədə başa vurub. Nəticədə komanda növbəti mövsümdə Konfrans Liqasında iştirak hüququ qazanıb.
“Çelsi” həmçinin İngiltərə Liqa Kubokunun finalçısı olub və burada “Liverpul”a 0:1 hesabı ilə məğlub olub.
İngiltərə Kubokunda isə “zadəganlar” mübarizəyə yarımfinal mərhələsində, “Mançester Siti”yə 0:1 hesabı ilə məğlub olaraq xitam veriblər.


