Futbol üzrə İtaliya milli komandasının və İngiltərənin “Vest Hem” klubunun hücumçusu Canluka Skamakka uzun müddətə sıradan çıxıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Son bir ayda dizindəki zədə səbəbindən oynaya bilməyən futbolçu bu gün nəhayət əməliyyat olunub. 24 yaşlı forvard da bu barədə sosial şəbəkə hesabında paylaşım edib və aşağıdakı sözləri yazıb:
“Əməliyyat olundum. Əvvəlkindən daha güclü qayıdacağıma şübhə etmirəm”.
Skamakka bu mövsümün qalan hissəsində “çəkicdöyənlər”ə kömək edə bilməyəcək. Onun növbəti mövsümdən etibarən yaşıl meydanlara qayıtması gözlənilir.
Xatırladaq ki, Canluka Skamakka bu mövsümün əvvəlindən “Vest Hem”in uğurları üçün çalışır. İtaliyalı forvard 2022-ci ilin iyulunda “Sassuolo”dan 36 milyon avro qarşılığında İngiltərə klubuna keçib. O, cari mövsümdə Premyer Liqa təmsilçisində 27 oyuna çıxıb və 8 qola imza atıb. Skamakka daha öncə “Sassuolo”, “Askoli”, “Cenoa”, “Kremoneze”, “Zvolle” kimi klubların da formasını geyinib. Hücumçu İtaliya milli komandasında da 11 oyun keçirib.


