İngiltərənin “Lids” klubunun mərkəz müdafiəçisi Çarli Kressuell bundan sonra “Tuluza”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
21 yaşlı ingilis futbolçu yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Bu transfer Liqa 1 təmsilçisinə 4,5 milyon avroya başa gəlib.
Çarli Kressuell “Lids”in öz yetirməsidir. O, İngiltərə klubunun əsas komandasında 14 oyun keçirib. Gənc müdafiəçi 2022/2023 mövsümündə icarə əsasında “Milluol”un da şərəfini qoruyub.
Kressuell İngiltərənin U-21 yığmasında uzun müddət forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
Çarli Kressuelli transfer etmiş “Tuluza” iki futbolçusu ilə də yollarını ayırıb. Liqa 1 təmsilçisinin danimarkalı sağ cinah müdafiəçisi Mikkel Desler Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Austin” klubuna keçib. 29 yaşlı müdafiəçi MLS təmsilçisi ilə 2027-ci ilin 31 dekabrına kimi anlaşıb. O, yeni klubuna azad agent kimi keçib.
Danimarkanın “Odense” klubunnun yetirməsi olan Mikkel Desler, ölkəsində “Hauqesun”un da formasını geyinib. O, 2021-ci ildən uğurları üçün çalışdığı “Tuluza”da 103 oyuna çıxıb, 3 qol və 9 məhsuldar ötürmə müəllifi olub. Danimarkanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Deslerə əsas millidə debüt qismət olmayıb.
“Tuluza” sol vingeri İbrahim Sissokonu da “Plimut”a icarəyə verib. 21 yaşlı futbolçu 2025-ci ilin 30 iyununa qədər İngiltərə klubunda icarədə olacaq. Onun “Tuluza” ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi mövcuddur.
Niderlandın “NEK Neymegen” klubunin yetirməsi olan Sissoko, 2023-cü ilin yayında 3 milyon avro qarşılığında keçdiyi “Tuluza”da 15 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Əslən Qvineyadan olan futbolçu Niderlandın U-21 yığmasının üzvüdür.