UEFA-nın prezidenti Aleksander Çeferin Səudiyyə Ərəbistanı klublarının bahalı futbolçular alması ilə bağlı fikirlərini paylaşıb.
Arena.az “The Guardian” nəşrinə istinadən məlumat verir ki, Çeferin ərəb klublarının bu transfer siyasətini izafi pul xərci kimi qiymətləndirir:
“Səudiyyə Ərəbistanı Peşəkar Liqası Avropa futbolu üçün təhlükədirmi? Mən bundan narahat deyiləm. Məncə, futbolu almaq olmaz. Mən bir sorğuda gördüm ki, azarkeşlər oyunçuları deyil, konkret turnirləri və komandaları izləyirlər. İspaniyada ictimaiyyətin 98%-i Benzemanın hara köçdüyünü bilməsə də, 100%-i onun əvvəllər “Real”da oynadığını bilirdi. Bəzi futbolçuların artıq geri döndüyünü görürük.
Düşünürəm ki, İngiltərədə Səudiyyə Ərəbistanına məxsus bir klub var ki, bu, işlərin necə aparılmasının yaxşı nümunəsidir. “Nyukasl” super ulduzları almadı, amma onlar Çempionlar Liqasına vəsiqə qazandılar. Təəccübləndim: yeni mövsüm üçün çoxlu futbolçu alacaqlarını gözləyirdim, amma bu, baş vermədi və çox yaxşı oynadılar. Səudiyyə Ərəbistanı Peşəkar Liqasının fəaliyyət tərzi ən yaxşı seçim deyil. Bu, izafi pul itkisidir”, deyə Çeferin bu xüsusda fikrini tamamlayıb.


