“Çelsi” – “Liverpul” finalının mükafat məbləği açıqlandı

“Çelsi” və “Liverpul” arasında baş tutacaq İngiltərə Liqa Kubokunun final oyununun mükafat məbləği açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə britanyalı jurnalist Saymon Fillips məlumat yayıb.

O, İngiltərə Liqa Kubokunun 2023/2024-cü il mövsümünün finalında iştirakçıların pul mükafatı ilə bağlı detalları açıqlayıb. Mənbənin məlumatına görə, yarışın qalibi İngiltərə Futbol Assosiasiyasından (The FA) təxminən 120 min avro, məğlub tərəf isə 60 min avro məbləğində pul mükafatı alacaq. Həmçinin bildirilir ki, yarımfinal mərhələsində mübarizədən kənarlaşdırılmış komandaların hər biri isə 30 min avro məbləğində pul alacaqlar.

Vurğulanır ki, “Çelsi” rəhbərliyi Liqa Kubokunun qalibi olacağı halda “zadəganlar” üçün təqribən 585 min avro məbləğində şəxsi mükafat fondu ayırıb. Müqayisə üçün bildirək ki, ötənilki yarışın qalibi “Mançester Yunayted” daxili ödənişlər kimi 3 dəfə çox – 1,75 milyon avro məbləğində mükafat alıb.

“Çelsi” – “Liverpul” oyunu bazar günü, fevralın 25-də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq iki il əvvəl, 2021/2022 mövsümündə yarışın finalında “Liverpul” və “Çelsi” əsas və əlavə vaxtı “quru” hesabla (0:0) başa çatmış oyunda qalibi oyunsonrası dramatik penaltilər mübarizəsində müəyyən etmişdilər. “Qırmızılar” “zadəganlar”ı 11:10 hesabı ilə məğlub etmişdilər.

Bir qədər əvvəl məlum olub ki, “Liverpul”un dörd əsas oyunçusu “Çelsi”yə qarşı həlledici oyunu buraxa bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: