Premyer Liqa nəhəngləri “Çelsi” və “Mançester Siti” turnirdən xaric edilmək təhlükəsi ilə qarşı-qarşıya qalıblar.
Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, İngiltərə Premyer Liqasının (APL) “Çelsi” və “Mançester Siti”də maliyyə feyr-pleyi ilə bağlı araşdırmalarının nəticəsinə müvafiq olaraq, klubların taleyi qurumun qəbul edəcəyi qərardan birbaşa asılıdır.
Artıq “Everton” müvafiq araşdırmanın acısını dadıb. Liverpul təmsilçisi 10 xalından məhrum edilib və Premyer Liqanın turnir cədvəlində 19-cu pilləyə yuvarlanıb, “irislər”in indi cəmi 4 xalı qalıb. Müvafiq qərar dərhal qüvvəyə minib. Avrokuboklar uğrunda yarışan “Everton” indi Premyer Liqada qalmaq üçün can verən kollektiv rolundadır.
“Çelsi” və “Mançester Siti” üçün Premyer Liqadan bayıra atılmaq, klubların aşağı liqalardan birinə göndərilməsi deməkdir və bu, Çempionşipi nəzərdə tutmur. Üstəlik, İngiltərə nəhəngləri əvvəlki liqa titullarından məhrum edilə, mənfiyə doğru xal cərimələri ilə üzləşə və transfer qadağası ala bilərlər. Bütün bunlar yalnız klubların maliyyə feyr-pleyi qaydalarını pozmaqda təqsirlərinin sübuta yetiriləcəyi halda baş verə bilər.
Vurğulanır ki, ötən mövsüm “Mançester Siti”yə maliyyə feyr-pleyinin pozulması ilə bağlı 100-dən çox qanunsuzluğa dair ittiham irəli sürülüb və araşdırmaların nəticəsi hələ də gözlənilir.
Todd Bouli başda olmaqla, “Çelsi”nin yeni amerikan sahibləri isə bu yaxınlarda Premyer Liqa rəhbərliyi ilə əlaqə saxlayaraq, 2012-2019-cu illər arasında Roman Abramoviçin rəhbərliyi altında klubda aparılmış maliyyə əməliyyatları haqqında natamam hesabatların olduğu haqda məlumat veriblər.
Hadisələrin inkişafı gözlənilir.


