İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton”un mərkəz müdafiəçisi Ceyms Tarkovski klubla yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb.
32 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin müddəti gələn ilin yayında bitməli idi.
Ceyms Tarkovski 2022-ci ildən “Everton”da çıxış edir. O, cari mövsümdə 9 matçda meydana çıxıb. Tarkovskinin “Everton” karyerası bütövlükdə 128 oyun, 4 qol və 3 məhsuldar ötürmədən ibarətdir.
İngiltərəli futbolçu daha öncə “Börnli”, “Oldhem” və “Brentford” kimi klublarda da çıxış edib.
Təcrübəli müdafiəçi 2018-ci ildə debüt etdiyi İngiltərə milli komandasının heyətində cəmi 2 oyuna çıxıb, fərqlənə bilməyib.
“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.


