Coşqunla Bəxtiyar 90 dəqiqə oynayıb, 1 xalla kifayətləndilər – Video

Futbol üzrə Azərbaycan millisinin üzvləri – Bəxtiyar Həsənalızadə ilə Coşqun Diniyev Türkiyə Birinci Liqasında növbəti matçlarına çıxıblar.

Arena.az xəbər verir ki, onların komandaları bu gün TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 28-ci turu çərçivəsində bir-biri ilə qarşılaşıblar.

Belə ki, Bəxtiyarlı “Tuzlaspor” doğma meydanda Coşqunlu “Ümraniyəspor”la üz-üzə gəlib. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Hesabı elə 1-ci dəqiqədə qonaqlar açsa da, “Tuzlaspor” 45+2-ci dəqiqədə penaltidən vurduğu qolla hesaba tarazlıq gətirməyi bacarıb – 1:1.

Azərbaycanlı futbolçular bu oyuna start heyətdə başlayıblar. Həsənalızadə sonadək oynayıb. Elə Diniyev haqqında da eyni sözü demək olar. Sadəcə o, 90+5-ci dəqiqədə digər komanda yoldaşı ilə əvəzlənib.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 27 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Bəxtiyar Həsənalızadə isə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 16 oyuna çıxıb və 1 qol vurub.

28 turdan sonra “Ümraniyəspor” isə 34 xalla 11-cidir. “Tuzlaspor” isə 28 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: