“Mançester Yunayted”in niderlandlı mərkəz hücumçusu Coşua Zirkze “qırmızı şeytanlar”ın heyətində vurduğu ilk qolunu şərh edib.
Arena.az məlumat verir ki, Zirkze İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünün açılış oyununda, 1-ci tur çərçivəsində “Fulhem”in qapısına yeganə qələbə qolunun müəllifi olub.
“Burada debütdə qələbə qazanmaq və qol vurmaq inanılmaz bir məqamdır. Mənə dedilər ki, “Old Trafford”da qol vurmaq həyatda ən gözəl duyğulardan biridir. İndi isə bunu yaşamaq mənə nəsib oldu… Elə ilk oyundaca. Bu, heyrətamizdir!
Azarkeşlər bu qələbəyə layiq idilər, amma bunun üzərinə müvafiq duyğuları yaşamaq sadəcə inanılmazdır. “Mançester Yunayted”də özümü çox rahat hiss edirəm. Bu, çox böyük klubdur. Biz həqiqətən böyük bir məqama nail olmaq istəyirik. Bu, bizim planımızdır”, – “Sky Sports” dərgisi Zirkzedən sitat gətirir.
Mərkəz hücumçusu Coşua Zirkze futbola “Vlardingen” klubunda qədəm qoyub. Yeniyetməlik illərində “Spartan ‘20”, “ADO Den Haaq”, “Feyenoord” və “Bayern”in futbol məktəblərini dolaşmış Zirkzenin böyük futbolda debütü Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Sonralar Zirkze “Parma”, “Anderlext” və “Bolonya”da çıxış edib.
“Mançester Yunayted” Zirkzeni 2024-cü ilin iyulunda 42,50 ilyon avro məbləğ müqabilində “Bolonya”yadan tamhüquqlu əsasda “qırmızı şeytanlar”ın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun İngiltərə nəhəngi ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Zirkze “Mançester Yunayted”in heyətində debüt oyununda 1 qol vurub.
Coşua Zirkze 2024-cü ilin iyulunda debüt etdiyi Niderland yığmasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Coşua Zirkzenin qənimətlər muzeyində olan bütün qənimətlər Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır – Almaniya çempionluğu (3 dəfə), Almaniya Kuboku, Almaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku.
“Transfermarkt” internet-portalı 24 yaşlı niderlandlı hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


