UEFA Çempionlar Liqasının “Napoli” ilə ev oyunu (4:2) “Real”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingem üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, 20 yaşlı futbolçu bu oyunda qol vurmaqla, 21 yaşı tamam olana qədər UEFA Çempionlar Liqasında 10 və ya daha çox qol vurmuş dördüncü futbolçu olub.
Bellingemə qədər yalnız üç oyunçu müvafiq nəticəyə nail ola bilib:
“Mançester Siti”nin hücumçusu, norveçli qolçu Erlinq Haland, PSJ-nin fransalı hücumçusu Kilian Mbappe və hazırda “Əl-İttihad”da çıxış edən, “Real” və Lion “Olimpik”inin sabiq əfsanəsi Kərim Benzema.
Bellingem “Real”a cari ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.
Bellingem İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Cari mövsümdə Bellingem Madrid təmsilçisinin heyətində 16 oyuna çıxıb, 15 qol vurub, 4 məhsuldar ötürmə verib.
Gənc yaşına rəğmən, Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. Cud yığma komandanın heyətində 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.


